O qatillə təkbətək söhbət etdim - Mehman Mehmanov

15:15 13.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polkovnik Mehman Mehmanovla hafta.az üçün budəfəki söhbətimiz, əsasən, bu günlərdə Bakının müxtəlif məkanlarında keçirdikləri əməliyyatlar zamanı 4 polis əməkdaşının qətlə yetirilməsi ilə nəticələnmiş olaylarla bağlı oldu. Həmsöhbətimiz malik olduğu təcrübəyə əsaslanaraq cəmiyyətdə polis-vətəndaş münasibətlərini normallaşdırmağın yollarından da bəhs etdi...

- Mehman müəllim, Bakının müxtəlif məkanlarında keçirdikləri əməliyyatlar zamanı 4 polis əməkdaşının qətlə yetirilməsi ilə nəticələnmiş olaylarla bağlı fikirləriniz oxucularımız üçün maraqlı olardı...

- Gənc həmkarlarım olan 4 polis əməkdaşının xidməti vəzifələrini yerinə yetirən zaman qətlə yetirilməsi məni ürəkdən sarsıtdı. Bu ağır hadisə özümün cavan yaşlarımda bir polis kimi fəaliyyətimin müəyyən ibrətamiz məqamlarını xatırlatdı... 

 Yadımdadır, keçmiş sovet dövründə SSRİ Daxili İşlər Nazirliyinin “Sovetskaya militsiya”  jurnalında dərc olunmuş “Ağıl riskdən üstündür” məqaləsində sovet respublikalarında polis qətlləri ətraflı şərh olunur və bu cür halların qarşısının alınması yolları göstərilirdi... 

 1993-cü il idi... 38 yaşım var idi. Xidmətimi Sabunçu Rayon Polis İdarəsində davam etdirirdim. Bir gün əməliyyat növbətçisi idim. Ağır ölüm hadisəsi törətmiş bir qatili otağıma gətirmək barədə  növbətçi köməkçisinə tapşırıq verdim. Gecə yarıdan xeyli keçmişdi. Dustağı təhvil verən köməkçiyə getməyi əmr etdim. Polis əməkdaşı tərəddüdlə üzümə baxa-baxa otağı tərk etdi. İkimiz qaldıq: qatil və mən... Xidməti tabel silahım yanımda olsa da, xeyli sonradan anladım ki, bu, sırf bir polis əməkdaşı kimi tərəfimdən böyük bir ehtiyatsızlıq oldu. Hətta masanın üstündə qələmi yonmaq üçün kiçik bıçaq da var idi. Bir sözlə, bu söhbət gözlənilmədən ağır faciə ilə nəticələnə bilərdi… 

 Hər şeyə rəğmən dustaqla söhbətimiz çox səmimi keçirdi. Siqaret təklif etməyim, mərhəmətli davranışım onu ürəkləndirirdi...

- Üzr istəyirəm, burada bir sual meydana çıxır; həmin qatil sizin yanınıza gətiriləndə qandallı idi, yoxsa? 

- Doğrusu, hadisənin üzərindən 30 ildən çox vaxt keçdiyindən o detal dəqiq yadımda deyil. Əlləri qandallı olsa belə, hər hansı çevik şəxs qarşısındakı insana xəsarət yetirə bilər…

- Lütfən, söhbətinizə davam edin…

- Qarşımda əyləşən qatil onu bu qətlə aparan səbəblər və hadisəni necə törətməsi haqqında danışmağa başladı:

“Rəis, qətlə yetirdiyim adam  rəhmətlik qardaşımı öldürmüşdü. Onlar yaxın dost idilər. Hadisə Rusiyada baş vermişdi. Qardaşımın günahının bilinməməsi və qatilin azadlıqda gəzməsi ürəyimə od salır, heysiyyatıma toxunurdu. Qürurum sınmışdı. Qoca ata-anam isə dönə-dönə mənə artıq-əskik hərəkət etməməyi, qardaşımı öldürən şəxsi Allaha tapşırmağımı təkid edirdilər. Lakin yenə də bir yerdə qərar tuta bilmirdim. Bir gün eşitdim ki, qardaşımın qatili Bakıya gəlib və özünə toy edir. Gecə qəbirdə olan qardaşım yuxuma girdi… Dəli kimi olmuşdum. ”Parabellum” tapançam vardı, amma cəmi 2 gülləsi qalmışdı...

Toy axşamı tapançamı götürüb hasardan aşıb toyxanaya girdim. Baş qarışıq olduğundan heç kəs məndən şübhələnmədi. Yavaş-yavaş bəylə-gəlinin masasına yaxınlaşdım. Arzum bu idi ki, gülləm boşa çıxmasın və gəlinə dəyməsin. Bir-iki addımlıqdan atəş açıb bəyin düz, alnından vurdum. O biri gülləni də havaya atıb hasara doğru yüyürdüm. İkinci atəşdən də çaşqınlıq yarandığından, heç kəs arxamca gəlməyə cəsarət etmədi. Hasarı atlayıb qəbiristanlığa gəldim. Qardaşımın məzarını qucaqlayıb doyunca ağladım. “Allah hər ikimizə rəhmət eləsin”, - dedim...”.

 Həmsöhbətim həmin qətl gecəsi Rusiyaya qaçmış və bir müddət sonra Bakıya gələrkən polis əməkdaşları tərəfindən yaxalanmışdı...

- Maraqlıdır, həmin söhbətindən sonra  bir insan kimi o dustağa qarşı qəlbinizdə hansı duyğular oyandı?

- Açığı, bu hekayəti dinlədikdən sonra cani olsa da, qəlbimdə ona qarşı bir mərhəmət hissi baş qaldırdı. Ancaq bütün hallarda o, insan öldürmüşdü və son hökmü məhkəmə verməli idi... 

 Həmin ibrətamiz olayla bağlı yazım o vaxtın məşhur mətbu orqanlarından biri olan, Babək Hüseynoğlunun baş redaktorluq etdiyi “Aydınlıq” qəzetində dərc olundu və oxucular tərəfindən maraqla qarşılandı... 

 Bir gün  bəhs etdiymiz qatilin yaşadığı ərazidə xidmət edən sahə inspektoru polis idarəsinə gəlib dedi ki, qarşı tərəf onun ata-anasından intiqam almaq niyyətində imiş, lakin bu yazını oxuduqdan və valideynlərin “Onu Allaha tapşır, işin olmasın” söyləməsini bildikdən sonra qətlə yetirilmiş gəncin qohumları qan tökmək fikrindən daşınıblar...

- Bəs həmin şəxsin taleyi, neçə il cəzaya məhkum olunması haqqında sonradan məlumatınız oldumu?

- Az sonra iş yerim dəyişildiyindən o adamın sonrakı taleyindən xəbərsiz qaldım...

Amma nəql etdiyim bu olay və  son günlər cinayətdə şübhəli bilinən və ya axtarışda olan şəxsə qarşı əməliyyat zamanı cavan polis əməkdaşlarının qətlə yetirilməsi hadisələrini yan-yana qoyub təhlil edəndə yaranan ilk sual bu olur: 

“Bəs əslində polis qatillə, residivistlə, yaxud cinayətdə şübhəli bilinən şəxslə necə davranmalıdır?”.

- Siz bu suala necə cavab verərdiniz?

- Mənim təsvir etdiyim nümunədə başqa bir adamı qətlə yetirmiş bir şəxslə insani, səmimi bir davranış, onun öz dərdini bölüşməsinə rahat şərait yaratmaq, amma eyni zamanda, öncə dediyim kimi, bir polis əməkdaşı olaraq ehtiyatsızlıq elementləri üzə çıxır... Polislərin qətli ilə bağlı olaylarda isə artıq fədakarlıq və peşəkarlıq göstərmələrinə rəğmən müəyyən qədər ehtiyatsızlıq və ya digər səbəblərdən polis əməkdaşlarının öldürülməsi faktları  var... Özü də etiraf etmək lazımdır ki, son hadisələrə Azərbaycan cəmiyyətində heç də tam birmənalı reaksiya olmadı. Bəzi  vətəndaşlar hətta polislərin qətlinə haqq qazandırdı... Və kimlərsə bundan yararlanaraq ya sadəcə öz düşüncəsi ilə, ya da hansısa qüvvələrin təsiri altında məqsədyönlü şəkildə, ümumiyyətlə, Azərbaycan polisini tam qara rəngdə təqdim etməyə, cəmiyyətlə polis arasında dərin bir qarşıdurma yaratmağa çalışır. Belə olan halda dərindən düşünməliyik: bəzi insanlarımızda polislərimizə qarşı belə aqressivlik haradan qaynaqlanır? Bu sual bizi “Əslində, polis qatillə, yaxud cinayətdə şübhəli bilinən şəxslə, residivistlə və s. necə davranmalıdır?” sualına tərəfsiz, balanslaşdırılmış bir cavab hazırlamağa vadar edir.  Əlbəttə, bəhs edilən hadisələrdən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi bütün əməkdaşlara adi vətəndaşlarla, cinayətdə şübhəli bilinənlərlə, axtarışda olanlarla, residivistlərlə və s. mövcud qanunlar çərçivəsində davranmaqla yanaşı, ehtiyatlı olmaq, müvafiq təlimatlara ciddi əməl etmək barədə göstəriş və tövsiyələrini verib. Lakin biz də bir cəmiyyət olaraq özümüz son olaylardan ciddi nəticə çıxarmalı və həm polisin vətəndaşa, həm də vətəndaşın polisə qarşı münasibətlərinin necə olması haqda düşünməliyik...

- Orqanlarda çalışdığınız istər sovet dövrü, istərsə də müstəqillik illərində hüquq-mühafizə əməkdaşlarının ölümü ilə nəticələnmiş oxşar hadisələrlə rastlaşmısınızmı?

- İş başında olduğum illər ərzində həm müxbir, həm də orqan əməkdaşı kimi bir çox əməliyyatların iştirakçısı və şahidi olmuşam. Hətta Birinci Qarabağ müharibəsində DİN mətbu orqanının müxbiri kimi milis və polislərimizin Qarabağda erməni yaraqlılarına  qarşı döyüş əməliyyatlarında da iştirak etmişəm. Bilavasitə özümün iştirak etdiyim əməliyyatlarda polis əməkdaşlarının qətli olayları, elə yaxşı ki, baş verməyib. Təbii ki, elə əməliyyatlar da olub ki, onların detallarını açıqlaya bilmirəm. Ancaq son 20-30 ildə Azərbaycan polisinin qəhrəmancasına həlak olmasıyla bağlı bir hadisəni xatırlayıram. Rəhmətlik, gözəl sənətkarımız, Xalq artisti Həsənağa Turabovun oğlu, polis kapitanı Daşqın Turabovun xidməti vəzifəsini yerinə yetirərkən həlak olmasını... O, Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili kimi çalışıb. Səhv etmirəmsə, 1997-ci ildə Siyəzən şəhər sakinlərinin birində avtomat olması barədə əməliyyat məlumatı əsasında polis təcili əməliyyat keçirməli olub. Əməliyyat qruplarından birinin tərkibində olan Daşqın Turabov hamıdan öncə irəli atılaraq, əvvəldən tanıdığı həmin şəxsi yola gətirəcəyini söyləyib, hətta "Filankəs, mənəm, Daşqın", – deyə çağırıb. Amma gözü qızmış cinayətkar əlindəki avtomat silahla ardıcıl atəş açmağa başlayıb və atdığı güllələrin çoxu Daşqına dəyib, o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həmin qatil polislər tərəfindən yaxalanıb və uzun müddət həbsdə yatıb. Bu yaxınlarda onun internet kanallarının birinə müsahibəsinə rast gəldim. Deyir ki, mən artıq avtomatla atəş açmağa başlayandan sonra tanıdım ki, adımı çağıran səsin sahibi Daşqındır və çox peşman oldum. Onu əvvəlcədən tanısaydım, könüllü təslim olardım... Yadımdadır ki, o zaman polis kapitanı Daşqın Turabov mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olundu, Siyəzən rayon polis şöbəsinin həyətində büstü qoyuldu... Həmin hadisədə də rəhmətlik nəhəng kinoaktyorumuzun oğlu bir polis əməkdaşı kimi təqib edilən şəxsin onu tanımasına arxayın olaraq qismən ehtiyatsızlıq etmişdi. Buradan aydın olur ki heç kəs hansısa cinayətkarın hücumundan sığorta olunmayıb...

Və ümumiyyətlə, bəzən vətəndaşla kobud davranan polislərə rast gəlinsə də, unutmayaq ki, istər 1988-ci ildən bəri torpaqlarımızın keşiyində, istər o illərdə Bakıda və digər şəhərlərimizdə erməni xüsusi xidmət orqanlarının törətdiyi terror hadisələrində, istərsə də ölkədə mütəmadi baş verən ən ekstremal olaylarda, hansısa texnogen, təbii fəlakətlər, yanğınlar, daşqınlar, metroda eskalatorun qırılması, yüksək mərtəbəli binalardakı yanğınlar, iri nəqliyyat qəzaları və s. zamanı vətəndaşların, bizlərin dadına çatan da öncə polislər olur. Ona görə də polislərimizin işinə, əməyinə obyektiv qiymət vermək gərəkdir. Əgər  polis əməkdaşı doğrudan da hər hansı qatili, cinayətkarı zərərsizləşdirən zaman həyatını riskə atmağa məcbur olub həlak olursa, təbii ki, ona qəhrəman deməliyik. Bu, bütün sivil ölkələrdə, o cümlədən qardaş Türkiyədə də belədir. Şəhid, yaxud qazi hərbçilərə, onların ailələrinə necə hörmət bəslənilirsə, adları uca tutulursa, eyni münasibət də asayişimizin keşiyində duran zamanı həyatını qurban verən polislərə də göstərilməlidir...

- Bəzi deputatlar da təklif edir ki, qanuni əməliyyatlar zamanı polisə silah tətbiq edənlərə qarşı cəzalar daha da sərtləşdirilməlidir. Bu təklifə necə yanaşırsınız?

- Uzun illər polis orqanlarında, yüksək vəzifələrdə çalışmış biri olaraq düşünürəm ki, yalnız bununla məsələ bitirmi? Burada qanunvericiliyə ciddi əməl etməklə yanaşı, paralel polis-vətəndaş, vətəndaş-polis, polis-qatil və s. münasibətlərində insani aspektləri də nəzərə almaq və cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır...

Cavan polis zabiti Mehman Mehmanovun timsalında gördük ki, hətta qatillə də, həm qanun çərçivəsində, həm də insan kimi davranmaq olar. Ancaq həmin qatildə insanlıq duyğuları tamamilə ölmüş ola bilərdi. Odur ki, polis əməkdaşı belə halda ehtiyatı əldən verməməli, ən azı qatillə təkbaşına söhbət etməməli idi... Bir sözlə, belə nəticəyə gəlirik ki, polis hətta cinayətkarla da, qatillə də qanun çərçivəsində davranmalı, fəqət heç vaxt ehtiyatı əldən verməməlidir...

- Polisin küçədə, yaxud şəxsi mənzilində qanuni şəkildə, müvafiq sanksiyalar olmaqla keçirdiyi hər hansı əməliyyatla üz-üzə gələ bilən vətəndaşlara sözünüz nədir?

- Təbii ki, hörmətli vətəndaşlar da polisin qanuni tələblərinə tabe olmalı, əməliyyat şəraitinə uyğun göstərişləri səbirlə yerinə yetirməlidir. Yəni kimliyindən asılı olmayaraq hər kəs qanunlara tabe olmalıdır. Belə olarsa, ölkəmizdə heç bir ciddi nataraz hadisə baş verməz...

Bir sözlə, hesab edirəm, cəmiyyətdə polis-vətəndaş münasibətlərini normallaşdırmaq üçün yeganə yol, qanunvericiliyin tələbləri ilə  insani duyğuları heç birinə xələl gətirmədən, heç birini tapdamadan tarazlaşdırmaqdadır... Biz hər şeydən əvvəl insanıq, Azərbaycan vətəndaşıyıq, Allah bəndəsiyik... Allah şəhid hərbçilərimizə də, polislərimizə də rəhmət eləsin, xalqımızı, müstəqil dövlətimizi, dövlətçiliyimizi qorusun!..